Azərbaycan xarici borc siyasətini niyə dəyişir? | TƏHLİL

   Azərbaycan xarici borc siyasətini niyə dəyişir?    | TƏHLİL
  03 Fevral 2025    Oxunub:598
Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində demişdi ki, ötən il ərzində valyuta ehtiyatlarımız təqribən 5 milyard dollardan çox artıb və bu gün 72 milyard dollara bərabərdir. Əhalisi 10 milyon olan ölkə üçün bu, çox böyük göstəricidir.
Həqiqətən də, 2024-cü ildə ölkə iqtisadiyyatında müsbət dinamika hökm sürüb. Oktyabrın 1-dək ümumi strateji valyuta ehtiyatlarımız 73 milyard 493.4 milyon ABŞ dollarına çatıb. Bunun 83.95%-i və yaxud 61 milyard 697.6 milyon dolları Dövlət Neft Fondunun (ARDNF), 16.05%-i və yaxud 11 milyard 795.8 milyon dolları isə Mərkəzi Bankın (AMB) payına düşürdü.

Təkcə ötən ilin III rübü ərzində ölkənin valyuta ehtiyatları 3 milyard 755.2 milyon ABŞ dolları və yaxud 5.4% artıb. Həmin rübdə ARDNF-in ehtiyatlarında 3 milyard 697 milyon dollar və yaxud 6.4%, AMB-in isə 58.2 milyon dollar və yaxud 0.5% yüksəliş qeydə alınıb.
Doğrudur, AMB-nin rəsmi valyuta ehtiyatları həcminin oktyabr-noyabr ayları ərzində 424 milyon dollar + 404 milyon dollar = 828 milyon dollar azaldığı qeydə alınıb. Lakin bu, o qədər də ciddi xarakter daşımayıb və daşımır da.

Müqayisə üçün qeyd edim ki, 2024-cü ilin oktyabrın 1-nə Azərbaycanın dövlət borcunun səviyyəsi 26 milyard 201,4 milyon manat olub. Borcun 9 milyard 8.5 milyon manatı və yaxud 5 milyard 299.1 milyon dolları xarici, 17 milyard 192.9 milyon manatı isə daxili dövlət borcu sayılırdı. Bunlar isə gözlənilən ÜDM-in müvafiq olaraq 7.4%-i və 14.2%-i qədər, 1 il əvvələ nisbətən 18.9% az və 2,8 dəfə çox hesab edilirdi.

Dövlət başçımız qeyd olunan müsahibəsində əlavə edib ki, ikinci vacib göstərici ÜDM-in xarici borca nisbəti məsələsidir: "Hesab edirəm ki, biz burada da dünyada liderlər sırasındayıq. Çünki bizim xarici borcumuz ÜDM-in cəmi 7.2%-ni təşkil edir. Müqayisə üçün deyə bilərəm ki, əksər inkişaf etmiş ölkələrdə bu, 100%-dən də çoxdur və 7.2% doğrudan da böyük nəticədir",- Prezident vurğulayıb.

Göründüyü kimi, xarici dövlət borcunun məbləği daxilidən azdır. Əsas cəhət də məhz bundan ibarətdir. Buna necə nail olunub?


Məsələ bundadır, bizdə Prezident İlham Əliyevin hələ illər öncə irəli sürdüyü təşəbbüs nəticəsində dövlət borcunun idarəedilməsi üzrə strategiyası həyata keçirilir. Buna da uyğun da xarici borcun ümumi borc portfelində həcmi az olmaqla yanaşı, 2021-ci ildən ÜDM-in həcminin artması hesabına ona nisbətdə payı azalır.

Təxminən yeddi il öncə, yəni 2018-ci il 24 avqust tarixdə dövlət başçısının 424 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında dövlət borcunun idarəedilməsinə dair orta və uzun müddət üçün Strategiya” təsdiq edilmişdi. Həmin sənəddə dövlət borcu sahəsində dayanıqlığı təmin etməklə onun ÜDM-ə nisbətdə həcmini tədricən azaltmaq qarşıya vəzifə olaraq qoyulmuşdu. Yəni, 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətdə yuxarı həddinin 30%-dən çox olmaması və 2025-ci ilədək 20%-dən aşağı salınması hədəf olaraq götürülmüşdü.

Xarici borc öhdəlikləri səviyyəsini isə yerli maliyyə bazarını inkişaf etdirmək sayəsində ÜDM-in 10%-dən aşağı hissəsinə endirmək nəzərdə tutulmuşdu. Həmin vaxtda, yəni sözügedən strategiya təsdiq olunan ildə xarici dövlət borcunun ÜDM-ə nisbəti 20,3% təşkil edirdi. 2023-cü ilin əvvəlinə isə bu rəqəm 2,5 dəfə azaldılaraq artıq, 8,6%-ə salınmışdı. 2024-cü ilin əvvəlinə isə yuxarıda qeyd etdiyim kimi 8,9%-ə bərabər idi.

2022-ci ilin 30 dekabrında “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022-2025-ci illər üzrə yenilənməsi çərçivəsi” təsdiq edildi. Bu sənəddə də qarşıya eyni hədəflər qoyulmuşdu. Strategiyada əvvəlki sənəddə müəyyən edilən əsas istiqamətlər və məqsədlər dəyişməz saxlanılmaqla, 2022-2025-ci illər ərzi üçün dövlət borcalmalarının idarəedilməsinə dair yeni çərçivə müəyyən olunaraq 2030-cu ilin sonunadək uzunmüddətli baxış irəli sürülmüşdü.

Başqa sözlə, yeni strategiya da əvvəlkində müəyyən olunduğu kimi, yalnız yeni borcalmalarla bağlı deyil, dövlət borcu və zəmanəti ilə alınan vəsaitlərlə də bağlı cari vəziyyətin təhlil edilməsini, riskləri və görüləcək tədbirləri əhatə edirdi.

Əgər 2018-ci ildən bu sənədlər ortaya qoyulmasa idi və ölkəmizdə dövlət borcu məsələsinə strateji yanaşma olmasaydı, indiyədək həm cari iqtisadi məsələlərə, həm 2020-ci ildə pandemiyaya, həm də lap elə 2021-ci ilin əvvəlindən etibarən işğaldan azad olunan ərazilərdə başlanan yenidənqurma və bərpa işlərinə görə çoxdan borclanmaya getmişdik, özü də artıqlaması ilə...

Ancaq ölkəmiz bu illər ərzində qeyd etdiyim kimi, xaricdən borc almağı azaldıb, əvəzində daxili borclanmanı genişləndirib. Bunun da heç bir zərəri yoxdur, o baxımdan ki, nəticədə daxili maliyyə, xüsusən də onun ən mühüm seqmenti olan qiymətli kağızlar bazarı inkişaf etməkdədir. Halbuki, böyük enerji resurslarına sahib ölkə olduğumuzdan ödəniş qabiliyyətliliyik və xaricdən gen-bol borc vəsaitlər cəlb edə bilərik.

Bütün bunlardan ortaya çıxan qənaət budur ki, əvvəla, Azərbaycan investisiya mühitli bir ölkədir və borc alıb geri qaytarmaq qabiliyyətindədir. İkincisi, “Standard&Poor’s” (S&P), “Fitch Ratings” və “Moody’s” kimi aparıcı reytinq agentliklərinin əslində daha yüksək, pozitiv və optimist qiymət verməli olduqları ölkədir. Üçüncüsü də daha ucuz və sərfəli kredit resursları cəlb etmək statusuna sahibdir.

Odur ki, Prezidentin müsahibəsindən də bəlli olduğu kimi, ölkəmiz xarici borclanma siyasətini yaxın müddətdə bu dəfə əks, yəni nisbətən artırmaq istiqamətində dəyişmək niyyətindədir.

Niyə? Cavab birmənalıdır: ölkə iqtisadiyyatının genişləndirilməsi ilə bağlı qarşıda böyük həcmli investisiya tələb edən məsələlər dayanır. Bu, dövlət büdcəsinə və ehtiyatlarımıza yük yarada bilər. Ona görə də xaricdən borc alınması artırılmalıdır. Ümumiyyətlə, borc alıb-borc verməsə, heç bir ölkə inkişaf edə bilməz.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Xarici-borc   İqtisadiyyat  





Xəbər lenti